Hacıqabul Rayon Məhkəməsi

Hacıqabul Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Hacıqabul rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

 

2014-cü ildə aparılmış yenidənqurma işlərindən sonra olan
Hacıqabul Rayon Məhkəməsinin binası

 

 

 

 

Hacıqabul Rayon Məhkəməsinin köhnə binası


 

 

Rayon haqqında qısa məlumat

Hacıqabul rayonu Kür-Araz ovalığının cənub–şərqində yerləşir. Hacıqabul rayonu Şirvan düzənliyinin və Böyük Hərmi silsiləsinin cənub-şərq hissəsini əhatə edir. Ərazisinin ovalıq hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. "Hacıqabul" sözünün mənası "Allah sənin həcc ziyarətini qəbul etsin" deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şəhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buranın şəraiti düşərgə salmaq üçün çox münasib idi. XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyniadlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdı. Böyük İpək yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan keçirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilinin yaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri Eneolit və Tunc dövrlərinə aid edirlər. Hacıqabul rayonu Azərbaycanın şərqində yerləşən 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərindən biridir. Rayon Aran iqtisadi zonasına daxildir. Ümumi ərazisi 1.63 min km²-dir. Əhalisinin sayı 67 min 155 nəfərdir (13 iyun 2011).

1990-cı ilin 01 sentyabr tarixində Hacıqabul Rayon Məhkəməsi yaradılmışdır. Rayonda 31 yaşayış məntəqəsi var: 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kənddir. Rayonda 15 inzibati ərazi vahidi, 5 tibb müəssisəsi, 55 mədəniyyət ocağı var. Hacıqabul rayonu Abşeron, Qaradağ, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları və Şirvan şəhəri ilə həmsərhəddir. Ermənlərın işğalçılıq siyasəti nəticəsində didərgin düşmüş 1619 nəfər məcburi köçkün Hacıqabul rayonunda məskunlaşmışdır.