Qubadlı Rayon Məhkəməsi

Qubadlı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Qubadlı rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Qubadlı adı XVI əsrin sonunda Azərbaycana köçmüş Səlcuq türklərinə mənsub Qubad nəslinin adından götürülmüşdür. Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuş və Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 802 km-dir. İşğal ərəfəsində əhalinin sayı 30323 nəfər olmuşdur.

Qubadlı rayonu 1993-cü il 31 avqust tarixində Ermənistan Respublikası tərəfindən tamamilə işğal olunub. Müharibədə Qubadlı rayonu 238 nəfər şəhid (o cümlədən, 40 qadın, 4 uşaq, 53 nəfər isə 60 yaşdan yuxarı olan şəxslər) vermişdir. Müharibə nəticəsində 211 nəfər əlil (12 nəfəri uşaq) olmuşdur. Ümumilikdə işğal nəticəsində rayona 148627.0 min dollar həcmində maddi ziyan dəymişdir.

Hazırda Qubadlı rayonunun əhalisi 01 iyul 2011-ci il tarixinə 34120 nəfərdir. Rayonda 1 şəhər və 93 kənd var. Qubadlı Rayon Məhkəməsinin əvvəlki adı Qubadlı Rayon Xalq Məhkəməsi olmuş və rayonun inzibati mərkəzi olan Qubadlı şəhərində yerləşmişdir. Rayon işğal olunduqdan sonra məhkəmə Qubadlı rayonundan olan məcburi köçkünlərin daha sıx məskunlaşdığı Sumqayıt şəhərinə köçmüşdür.