Göygöl Rayon Məhkəməsi

Göygöl Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Göygöl rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Göygöl Rayon Məhkəməsinin binası



Rayon haqqında qısa məlumat

1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsmiş, nəticədə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Göygöl rayonu Azərbaycanın qərbində, Gəncə şəhərinin cənubunda, dağətəyi ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Rayonun ən yüksək zirvəsi Murovdağ silsiləsində Gamışdağdır. Göygölün uzunluğu 2800 metr, eni 800 metrdən 1000 metr, dərinliyi 96 metr, gölün görünmə qabiliyyəti 8-10 metrdir. Göygöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Göygöl Dövlət Təbiət Qoruğu Xanlar (indiki Göygöl) rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf) adı altında salınıb. Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Cənubi Qafqazın Birinci Ümumkilsə nizamnaməsi qəbul edilmişdir.

Rayon kimi Göygöl 1930-cu ildə yaradılıb. 1938-ci ilə qədər Nərimanov rayonu olub. 1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri adlandırılıb. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul edir. Rayonun ərazisi 935.7 km², əhalisinin sayı 58 min 300 nəfərdir (16 iyun 2011). Rayonun 6 qəsəbəsi, 38 kəndi var. Ermənilərin işğalçı siyasəti nəticəsində Göygöl rayonunda 12043 nəfər qaçqın və 6175 məcburi köçkün məskunlaşmışdır.

Rayon Gəncə şəhəri, Şəmkir, Samux, Goranboy, Daşkəsən və Kəlbəcər rayonları ilə həmsərhəddir.