Gədəbəy Rayon Məhkəməsi

Gədəbəy Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Gədəbəy rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Gədəbəy Rayon Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Gədəbəy Rayon Məhkəməsinin mütərəqqi beynəlxalq standartlara cavab verən yeni inzibati binasının inşası 2012-ci ildə başa çatdırılacaqdır.

Rayon və məhkəmə haqqında qısa məlumat

Gədəbəy - Azərbaycanın qərbində yerləşir. Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanın "Siemens" şirkəti tərəfindən alınaraq 1865-ci ildə yenidən qurulmuşdur. "Siemens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd Misəritmə Zavodu tikilmiş, 1879-cu ildə Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Gədəbəy rayonu 08 avqust 1930-cu ildə təşkil edilmiş və həmin ildə də Gədəbəy Rayon Xalq Məhkəməsi (indiki Gədəbəy Rayon Məhkəməsi) yaradılmışdır. 1990-cı ildə isə rayon mərkəzinə şəhər statusu verilmişdir. Təsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir. İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur. Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub. Rayonun ümumi sahəsi 1.129.000 km2, əhalisinin sayı 94 min nəfərdir (13 iyun 2011). Rayonda qaçqın və məcburi köçkünlər məskunlaşmamışlar. Rayon Daşkəsən, Şəmkir, Tovuz rayonları və eləcə də Ermənistanla həmsərhəddir.