Qəbələ Rayon Məhkəməsi

Qəbələ Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Qəbələ rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Qəbələ Rayon Məhkəməsinin binası


 

Rayon və məhkəmə haqqında qısa məlumat

Qəbələ Rayon Məhkəməsi 1930-cu ildə təşkil edilmişdir. 1930-1946-cı illərdə Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının, 1946-1959-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin, 1960-1970-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin, 1970-ci ildən 1991-ci ilin mart ayınadək Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qutqaşen Rayon Xalq Məhkəməsi, 1991-1997-ci illərdə isə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qəbələ Rayon Xalq Məhkəməsi adı altında fəaliyyət göstərmişdir. 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Qəbələ Rayon Məhkəməsi adı altında fəaliyyət göstərir.

Qutqaşen rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1991-ci ilin mart ayında rayonun adı dəyişdirilərək tarixi adı bərpa edilmişdir. Tərkibində 1 şəhər, 3 şəhər tipli qəsəbə, 60 inzibati ərazi vahidi, 56 kənd yaşayış məntəqəsi vardır. Mərkəzi Qəbələ şəhəridir. Sahəsi 1550 kv.km, əhalisi 95777 nəfərdir. Rayon ərazisində 1958 nəfər məcburi köçkün məskunlaşmışdır.

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Qəbələ rayonu Böyük Qafqazın cənub ətəklərində yerləşir. Rayonun ərazisi əsasən dağlıq olmaqla 4 rayonla və Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir. Şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən İsmayıllı, qərbdən Oğuz, cənubdan Ağdaş və cənub-şərqdən Göyçay rayonları ilə həmsərhəddir. Qəbələ rayonu Dağlıq Şirvan iqtisadi-coğrafi zonasında yerləşir. Rayon ərazisində ən hündür zirvə Şahdağda Bazardüzü zirvəsidir. Onun hündürlüyü dəniz səviyyəsindən 4466 metr təşkil edir. Dəmiraparançay, Qaraçay, Həmzəlli çayı, Tikanlı çay və Vəndam çayı Qəbələ rayonu ərazisindən keçir.