Füzuli Rayon Məhkəməsi

Füzuli Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Füzuli rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Füzuli Rayon Məhkəməsinin binası



Rayon haqqında qısa məlumat

Füzuli - Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal olunmuş rayonlarından biridir. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Füzuli Rayon Xalq Məhkəməsi 1931-ci ilin mart ayında yaradılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Rayon Yuxarı Qarabağ iqtisadi zonasına daxildir. Rayonda 2 şəhər, 18 qəsəbə və 26 kənd vardır ki, bu yaşayış məntəqələri 46 ərazi nümayəndəliyi və 31 bələdiyyə vasitəsilə idarə olunur. Füzuli Qarabağ dağ silsiləsinin cənub–şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ümumi ərazisi 1382 km², əhalisi 112 min 404 nəfərdir (13 iyun 2011). Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə malik olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Əhalinin 65 min 500 nəfəri ərazidə yaşayır. Qalanları isə Bakı, Sumqayıt və respublikanın digər rayonlarında məskunlaşıb. Hazırda Füzuli Rayon Məhkəməsi Füzuli rayonunun Horadiz şəhərində yerləşir.