Daşkəsən Rayon Məhkəməsi

Daşkəsən Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Daşkəsən rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Daşkəsən Rayon Məhkəməsinin binası



Rayon haqqında qısa məlumat

Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 km cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Rayon cənub-qərbdən 8 km məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1047 km², əhalisinin sayı 32 min 600 nəfərdir (16 iyun 2011). Rayonda 49 yaşayış məntəqəsi (kənd və qəsəbə) vardır. Rayonda Respublika əhəmiyyətli sənaye müəssisəsi olan “Daşkəsən Filizsaflaşdırma” ASC fəaliyyət görsədir.

1959-cu il ildə Daşkəsən Rayon Xalq Məhkəməsi fəaliyyətə başlamış və sonradan 1963-1965-ci illərdə məhkəmə ləğv edilmişdir. 1965-ci ildə məhkəmənin fəaliyyəti bərpa edilmişdir.

Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Daşkəsən rayonunda 3549 nəfərdən ibarət 820 qaçqın ailə, 1213 nəfərdən ibarət 343 məcburi köçkün ailə məskunlaşmışdır.