Babək Rayon Məhkəməsi

Babək Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Babək rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Babək rayonu 23 oktyabr 1978-ci ildə təşkil olunmuş və həmin ildə də Babək Rayon Xalq Məhkəməsi (indiki Babək Rayon Məhkəməsi) yaradılmışdır. Rayon mərkəzi Naxçıvan şəhərindən 6 km cənub-şərq istiqamətində yerləşən Təzəkəndə köçürülür və buraya Babək qəsəbəsi adı verilir. Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir. Bundan başqa, rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrlərinə və Antik dövrə aid arxeoloji abidələr, qədim Duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir.

Babək qəsəbəsi şəhər tipli qəsəbədir. Rayonda 1 qəsəbə və 34 kənd var. Ümumi ərazisi 759.59 kv.km, əhalisinin sayı isə 65 min 691 nəfərdir (01 may 2011). Ermənilərin işğalçılıq siyasəti nəticəsində Babək rayonunda 60 ailə olmaqla 201 nəfər qaçqın və 5 ailə olmaqla 14 nəfər məcburi köçkün məskunlaşmışdır. Babək rayonu Ermənistanla, İran İslam Respublikası ilə həmsərhəddir.