Daxil ol

Daxil ol

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

Məhkəmə haqqında

http://courts.gov.az/az/nakhchivansupreme

2016-09-25 05:03:00

Məhkəmə haqqında

Naxçıvan MR Ali Məhkəməsi

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinini inzibati binası


3 oktyabr 1925-ci il tarixində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Naxçıvan MSSR-də Baş Məhkəmə yaradılmışdır. Bundan sonra ayrı-ayrı vaxtlarda müxtəlif cür, 1937-ci ildən isə Naxçıvan MSSR Ali Məhkəməsi adlandırılan bu məhkəmə sonrakı dövrlərdə ciddi struktur dəyişikliyinə uğramamış və ona aid edilmiş işlərə birinci və yuxarı instansiya məhkəməsi qismində baxmaq, həmçinin fəaliyyəti dairəsində olan məhkəmələr üzərində məhkəmə nəzarətini həyata keçirmək funksiyalarını saxlamışdır.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar Azərbaycan SSR-in məhkəmə orqanları sistemini müəyyən edən qanunvericiliyin də dəyişdirilməsi zərurəti yaranmış, nəticədə 1981-ci il iyun ayının 16-da "Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında" yeni qanun qəbul edilmişdir. Həmin qanun Naxçıvan MSSR Ali Məhkəməsinin səlahiyyətlərini daha da genişləndirmişdir.

Azərbaycan Respublikasında ədalət mühakiməsinin qabaqcıl təcrübə əsasında həyata keçirilməsini təmin etmək və müstəqil məhkəmə hakimiyyətini daha da möhkəmləndirmək məqsədi ilə 10 iyun 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, həmin qanunun X fəsli bütövlüklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin statusunun tənzimlənməsinə həsr olunmuşdur. Qanunda Ali Məhkəmənin tərkibi, Rəyasət Heyəti, Ali Məhkəmənin kollegiyalarının səlahiyyətləri şərh olunmuşdur. Qanunda Ali Məhkəmənin tərkibi, Rəyasət Həyəti, Ali Məhkəmənin kollegiyalarının səlahiyyətləri və digər əlaqəli məsələlər nizama salınır.

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə 22 iyun 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin tərkibində fəaliyyət göstərən mülki işlər, iqtisadi mübahisələrə dair işlər, cinayət işləri və inzibati xətalara dair işlər və hərbi məhkəmələrin işləri üzrə kollegiyaların adları müvafiq olaraq mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiya ifadələri ilə əvəz edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi 2006-cı ildən öz bülletenini nəşr etdirir. Bülleten vasitəsilə Ali Məhkəmənin keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar, məhkəmə fəaliyyəti haqqında statistik məlumatlar ictimaiyyətə çatdırılır, hakimlər, eləcədə hüquq sferasında işləyən digər şəxslər yeni, xüsusilə də Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları, həmçinin hüquq təcrübəsinin yenilikləri, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rezident praktikası ilə tanış edilir.