Daxil ol

Daxil ol

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

Məhkəmə haqqında

http://courts.gov.az/az/nakhchivangravecrimes

2016-09-28 16:40:14

Məhkəmə haqqında

Rayon haqqında qısa məlumat

Naxçıvan Muxtar Respublikası — Azərbaycan Respublikası tərkibində muxtar respublikadır. Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistana ilhaq edilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Naxçıvan MR Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir. Bölgənin ən önəmli cəhəti tarixi keçid və ticarət yolları üzərində yerləşməklə Qərb ilə Şərqin birləşdirməsidir. Buna görə də bölgəyə "Şərqin qapısı" adı verilmişdir. Naxçıvan çoxəsrlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar. "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanmışdır. Bir sıra Fars və Türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. "Naxçıvan" sözü ilk mənbələrdə müxtəlif şəkildə verilmişdir. Şəhər yunanca "Naksuana", pəhləvicə "Naxç", ərəbcə "Nəşəva" və ya onu Akçıvan-Naxçıvan-Oğuz ağ ərənlər vətəni kimi mənalandıranlar da vardır. Son tədqiqatlar "Naxçıvan" sözünün mənşəyini elam dilindəki "Nahhunte" sözü ilə əlaqədar izah edir. "Van" toponimik formatının qədimliyini nəzərə aldıqda şəhərin ilk adının Nahhuntevan olduğunu düşünmək olar. Bu adın sonralar yerli türk əhalisi tərəfindən Naxçıvan şəklinə düşməsi mümkündür. 1917-ci ilin yayında Naxçıvan diyarında müvəqqəti hökumətin yerli hakimiyyət orqanları yaradılmışdı. 1918-ci ilin əvvəllərində erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda qırğınlar törətdilər. Bakı daşnakların və eserlərin əlində olduğu bir şəraitdə Naxçıvan Milli Komitəsi real köməyi yalnız Türkiyədən ala bilərdi. Xəlil bəyin başçılığı ilə türk qoşunları Naxçıvanın köməyinə gəldi.

Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Rayonun ərazisi 5463 km2, əhalisinin sayı isə 413 min 382 nəfərdir (14 iyun 2011). Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasında 1102 ailə olmaqla 4.081 nəfər qaçqın və 251 ailə olmaqla 970 nəfər məcburi köçkün məskunlaşmışdır.

Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən bir sıra fərmanlar imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli 352 saylı Fərmanı ilə Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətini 30 iyul 2007-ci il tarixində 3 hakimdən ibarət tərkibdə başlamışdır. 22 iyun 2010-cu il tarxili, 1043-IIIDQ №-li AR Qanunu ilə məhkəmənin adı dəyişdirilərək – Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi adlandırılmışdır. Məhkəmənin fəaliyyət sferası bütün Naxçıvan Muxtar Respublikasının ərazisinə şamil edilir.